Rafizi iddialarina cavab


Rafizi iddialarina cavab;

Əba (ərəb. Kisa) hədisi:

Hədisi Aişə (Allah ondan razı olsun)1 rəvayət etmişdir. Rəvayətdə deyilir ki, bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhər vaxtı əynində əba ilə bayıra çıxıb, Əlini, Fatiməni, Həsəni və Hüseyni əbasının altına alaraq dedi: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! 2″3

Bəziləri bu hədisə əsasən deyirlər ki, Allah onlardan çirkinliyi aparmaq istəyir və Allah nəyi istəyirsə o da yerinə yetir. Allah onlardan çirkinliyi aparmışdırsa demək onlar artıq məsum (günahsız) sayılırdılar. Onlar məsum sayılırdılarsa, demək başqalarından fərqli olaraq, onların xəlifə olmaları daha gərəkli idi. Lakin aşağıdakı səbəblərə görə bu, batil iddia sayılır:

Birinci: “Tathir” ayəsi adı ilə tanınan bu ayə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri barəsində nazil olmuşdur. Belə ki, Allah təala buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”4

Bu ayələrin düzülüşünə diqqət yetirən kimsə, onların xüsusi olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri barəsində nazil olmasına əmin olar. Onlar ayənin “Allah sizdən” (ərəb. Liyuzhibə ankum) – sözlərininin qadın cinsində (ərəb. ankunnə) deyil, kişi cinsində (ərəb. ankum) deyilməsini əsas gətirirlər. Həmçinin bu yerdə də “sizi tərtəmiz (pak) etmək istər” (ərəb. Liyutahhirakum) – sözlərini qadın cinsində (ərəb. Liyutahhirakunnə) deməmişdir. Deyirlər ki, burada cəm forması kişi cinsində işlədildiyi üçün bu ayənin məzmununa Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri deyil, hədisin dəlalətinə görə Əli, Fatimə, Həsən və Hüseyn daxildirlər. Bu isə batil bir iddiadır. Çünki ayə, özündən əvvəlki, “Siz ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun”, “Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın” – ayələr ilə əlaqəlidir. Bu ayələrdəki müraciət xüsusi olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrinə aiddir.

İkinci: Ayədəki qadın cinsi şəklçilərinin kişi cinsi şəklçiləri ilə əvəz edilməsi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də Əhli beytlə birgə qeyd edilməsinə görədir. Belə ki, Allah təala İbrahim peyğəmbərin zövcəsi haqqında belə buyurmuşdur: “(Mələklər İbrahimin arvadına) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!”5 İbrahim və zövcəsi, hər ikisi ev əhliydilər. Amma Allah təala onlara kişi cinsini bildirən şəkilçilərlə xitab etmişdir. Musa haqqında isə belə demişdir: “Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”1 Musa ilə zövcəsi vardı. Lakin Allah təala xitabı kişi cinsini bildirən şəkilçilərlə etmişdir.

“Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Qeyd olunan ayədə şəkilçilərin kişi cinsində işlədilməsinə səbəb, Əli, Fatimə, Həsən və Hüseynin ayəyə aid olmalarına görə deyil, əksinə orada Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınları ilə birlikdə xatırlanmasıdır. Əslində Əli, Fatimə, Həsən və Hüseyn bu ayənin dəlalət etdiyi mənaya görə deyil, Əba hədisinin dəlalətinə görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytindən sayılırdılar. Əli, Fatimə, Həsən və Hüseynin əhli beytən olmalarına dəlil, Əba hədisidir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əbasını açıb onları əbasının altına alaraq bu ayəni: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” oxumaqla, onların öz əhli beytindən olduqlarını isbatlamışdır.

Üçüncü: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti dedikdə buraya, onun zövcələri, Əli, Həsən, Hüseyn, Fatimə və başqaları şamil olunur. Belə ki, rəvayətlərin birində Zeyd ibn Ərqəm, “Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri əhli beytdən sayılırlarmı?” – məzmunlu bir sual ilə soruşulduqda demişdir: Onun zövcələri, əhli beytindən sayılırlar. Amma onun sədəqə yemələri haram olan əhli beyti isə Əli, Cəfər, Əqil və Abbasın ailələridir2. Demək Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beyti deyiləndən daha böyükdür. Ayənin dəlalət etdiyi mənaya əsasən qadınları, Əba hədisinin dəlalətinə görə Əli, Həsən, Hüseyn və Fatimə, Zeyd ibn Ərqəmin hədisinə əsasən isə Əli ibn Əbu Talib, Cəfər ibn Əbu Talib, Əqil ibn Əbu Talib və Abbas ibn Əbdülmüttalibin ailələri onun əhli beytdəndirlər. Adı çəkilənlərin hamısı Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli beytindən sayılırlar. Ümumiyyətlə Haşim övladlarının hamısı əhli beytdən sayılırlar və onlara sədəqə yemək haram edilmişdir. Buna dəlalət edən hədis, Əbdülmüttalib ibn Rəbiə ibn əl-Haris ibn Əbdülmüttalibin dediyi rəvayətdir. Rəvayətdə deyilir: “Rabiə ibn əl-Haris və Abbas ibn Əbdülmüttalib bir araya gəlib dedilər: Allaha and olsun əgər biz bu iki uşağı (məni və Fəzl ibn Abbası) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına göndərək gedib onunla danışsınlar. Bəlkə onları sədəqə üzərinə gözətçi təyin edər və onlar da başqaları kimi iş görər və onlar kimi də qazanc əldə edərlər. Rəvayətçi deyir: Onlar bu söhbəti etdikləri zaman Əli ibn Əbu Talib gəlib onların başı üzərində dayandı və onlar bu təkliflərini Əliyə də bildirdilər. Əli dedi: Bunu etməyin. Allaha and olsun ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu edən deyildir. Rabiə ibn əl-Haris, Əlinin sözünü kəsərək dedi: Allaha and olsun ki, sən bunu bizə həsəd aparıb deyirsən. Allaha and olsun, sən Peyğəmbərin kürəkənliyini qazanmısan amma biz buna görə sənə qarşı həsəd aparmamışıq. Əli dedi: Onda göndərin getsinlər. Uşaqlar getdilər, Əli isə onların yanında oturdu.

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zöhr namazını qıldıqdan sonra onlar tez-tələsik ondan öncə onun evinin önünü kəsdirdilər. Rəvayətçi deyir: O gələnə qədər biz qapının önünü kəsdirdik. O gəlib bizim qulağımızdan tutub dedi: Gizlətdiyiniz nədirsə deyin. Sonra o və arxasınca da biz evə daxil olduq. Həmin gün o Zeynəb binti Cəhşin yanında idi. Rəvayətçi deyir: Biz söhbətin kim tərəfindən başladılmasını biri-birimizin boynuna atırdıq. Sonda birimiz danışıb dedi: Ya rəsuləllah, sən insanların ən xeyirxahı və ən çox qohumluq əlaqələrini qoruyanısan. Bizim artıq evlənmək vaxtımızdır. Biz də başqaları kimi sənə xidmət göstərib bunun müqabilində qazanc əldə etmək üçün, bizi sədəqələrin bir hissəsinə nəzarətçi təyin etməyini istərdik. Rəvayətçi deyir: O, uzun müddət susdu və biz yenə də ona nə isə demək istədikdə, Zeynəb pərdənin arxasından bizə, onu danışdırmamağımızı işarə ilə bildirdi. Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Məhəmmədin ailəsinə sədəqə yemək yaraşmaz. Doğrudan da sədəqə insanların çorkabıdır”1.

Dördüncü: Ayədə, Allahın onları çirkinlikdən təmizlədiyi qeyd olunmur. Çünki Allahın bu istəyi qədərə bağlı olan istək (ərəb. iradətul qədəriyyə) deyil, şəriətə və sevgiyə bağlı olan istəkdir (ərəb. iradətun şəriyyə). Bu isə o deməkdir ki, Allah onların çirkinliklərinin təmizlənməsini istəyir. Heç şübhəsiz, Allah Fatimənin, Həsənin, Hüseynin, Əlinin, Peyğəmbərin zövcələrinin, Əqilin, Cəfərin və Abbasın ailəsini paklığa çıxartmışdı. Amma ayədə nəzərdə tutulan istək şəriətlə bağlı olan istəkdir. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları əbanın altına alarkən belə demişdi: “Ey Allahım, bunlar mənim əhli beytimdir, onları paklığa çıxart”2. Əgər artıq Allah təala onları (tathir ayəsinin nazil olması ilə) paklığa çıxartmışdısa, nə üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir daha bu duanı edirdi?!

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dua etməsi, ayədəki istəyin şəriətlə bağlı olan bir istək (ərəb. iradətun şəriyyə) olduğunu sübut edir. Bunun bir misalı bu ayədir: “Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır”3.

Allahın bu ayədə buyurduğu istəklər, şəriətlə bağlı olan istəklərdir. Allah bütün insanların üzərində olan yükü yüngülləşdirmək və onların hamısının tövbəsini qəbul etmək istər. Amma bütün insanların tövbəsini qəbul etmişdirmi?

İnsanlar ya mömin ya da kafir olurlar. Allah bütün insanların tövbəsini qəbul etməmişdir. Allah təala buyurur: “Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!”4

Beşinci: Allah təala hər bir mömini çirkinliklərdən təmizləmək istər. Ona görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmaq istəyən müsəlmana natəmiz yerlərdən uzaq olmağı əmr etmişdir. Ayələrin birində Allah təala belə buyurur: “Libasını təmizlə!”5 Həmçinin Allah təala bizə dəstəmaz almağı əmr etmiş, boynuna cənabət düşənlərin qüsl almalarını buyurmuşdur.

Altıncı: Çirkablardan təmizlənmək Əliyə, Fatiməyə, Həsənə və Hüseynə (Allah onlardan razı olsun) xas olan bir vəsf deyil. Bu xüsusiyyətə digər insanlar da nail olmuşlar. Belə ki, Allah təala buyurur: “(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.”6

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”1

“O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.”2

Yeddinci: Onlardan çirkabın aparılması, onların Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə olmalarına dəlalət etmir. Biz tam yəqinliklə inanırıq ki, Allah təala Əlini çirkablardan təmizləmişdir. Elə ona görə də o, möminlərin mövlası (dostu, sevimlisi) olmuşdur. Həsən, Hüseyn, Fatimə və eləcə də Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri bu keyfiyyətə nail olmuşlar. Ona görə də Allah təala Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrini möminlərin anaları adlandırmışdır. Belə ki, Allah təala buyurur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır…”3

Mövzunun əvvəlində səhabələrin fəzilətləri haqqında qeyd etdiyimiz ayələrə əsasən4 uca və nöqsansız Allah, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrindən çirkinliyi təmizləmişdir. Bununla da onlar müsəlmanların mövlaları (dostları, sevimliləri) olmuşlar. Onu da bilmək lazımdır ki, çirkabdan təmizlənmək həmin insanın məsum olmasına dəlalət etmir. Əgər bu onun məsumluğuna dəlalət etmirsə, demək öz növbəsində onun rəhbər olmasına da əsla dəlalət etmir.

1 Bu rəvayətlə, “səhabələr Əlinin fəzilətini gizlədirdilər” – sözünü deyənlərin yalançı olduqları aşkar olunur. Aişənin, Əliyə nifrət etdiyini iddia edirlər, amma o, Əlinin fəziləti haqqında bu hədisi demiş və İmam Müslim bu hədisi öz səhih əsərində nəql etmişdir.

2 əl-Əhzab: 33.

3 Səhihi Müslim: Kitabu Fədailus səhabə, 2424.

4 əl-Əhzab: 32-34.

5 Hud: 73.

1 əl-Qəsəs: 29.

2 Səhihi Müslim: Kitabu fədailus səhabə, 2408.

1 Müslim: Kitabuz Zəkat, 1072. Rabiə ibn əl-Haris, Əbdülmüttalib ibn Haşimin oğludur. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu hesab olunur. Bu əsasla bütün Haşim ailəsi əhli beytdən sayılır.

2 Camiut Tirmizi: Kitabul Mənaqib. Bab, Mənaqibi əhlu beytin nəbiy, 2787.

3 ən-Nisa: 26-28.

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s