Namazda əlləri sinədə tutmaq


60456_430209693739754_1887410245_n

Namazda əlləri sinədə tutmaq

إن الحمد لله نحمده و نستعينه و نستغفره، و نعوذ بالله من شرور أنفسنا و من سيئات أعمالنا، من يهده الله فلا مضل له، و من يضلل فلا هادي له، و أشهد أن لا إله إلا الله وحده لا شريك له، و أشهد أن محمدا عبده و رسوله، صلى الله عليه و على آله و صحبه و سلم تسليما كثيرا إلى يوم الدين، أما بعد …

Bəzi qardaşlarımız müraciət edərək namazda əllərin qoyulması ilə bağlı varid olmuş hədislərin nə dərəcədə səhih olması barədə suallar ünvaladığı üçün kiçik bir araşdırma aparmağı özümüzə borc bildik. Əsasən də əllərin sinənin üzərində və ya göbəyin altında tutulması ilə bağlı mövcud hədislərin nə dərəcədə səhih olub olmaması barəsində suallar olduqca çoxdur. Qeyd olunan məsələ fiqh alimləri arasında ixtilaflı hesab olunduğu üçün məsələyə yalnız hədis elmi baxımından açıqlama verməyi daha məqsədəuyğun hesab edirik. İlk öncə onu qeyd edək ki, bu barədə varid olmuş hədislərin arasında ən səhih olanı aşağıdakı hədisdir:

Vail ibn Hucrdan (radiyallahu anhu) rəvayət olunan hədisdə o demişdir: “Mən Peyğəmbərlə (sallallahu aleyhi va səlləm) birlikdə namaz qıldım və o, sağ əlini sol əlinin üzərinə qoyub sinəsinin üzərində tutdu.” Hədisi İbn Xüzeymə öz “Səhih” əsərində rəvayət etmiş, əl-Əzami də onun səhih olduğunu bildirmişdir. Hədisin raviləri arasında Muəmmil ibn İsmayıl hifzi zəif olan ravi olduğu üçün hədis özü-özlüyündə zəifdir. Lakin başqa rəvayətlər onu səhih və ya həsən dərəcəsinə qaldırmışdır. Hədis elmində Şeyxul-İslam hesab olunan Hafiz İbn Həcər əl-Əsqəlani “Fəthul-Bari” əsərinin müqəddiməsində Səhih Buxarinin hədislərini şərh edərkən yalnız səhih və ya həsən gördüyü hədisləri varid edəcəyini? Zəif bir hədis qeyd etdikdə isə onun zəifliyini bəyan edəcəyini bildirmişdir. Sonra da o, Vail ibn Hucrun (Allah ondan razı olsun) bu hədisini “sinəsinin üzərinə qoydu” ləfzi ilə birlikdə qeyd etmişdir. Bu da onu göstərir ki, bu hədis İbn Həcər əl-Əsqəlaniyə görə ya səhih, ya da həsəndir. Hər iki halda hədis məqbul hesab olunur. Əsrimizin mühəddisi Muhəmməd ibn Nasirəddin əl-Albani bu hədis barəsində “Sıfətu salətin-nəbi” əsərində demişdir: “Sünnədə sabit olan əllərin sinənin üzərində tutulmasıdır. Digər hədislər isə ya zəifdir, ya da heç bir əsli yoxdur.”

Məzhəblərə baxış:

1. Hənəfi məzhəbi: Bu məzhəbə görə kişilər namazda əllərini göbəkdən aşağı, qadınlar isə sinələrinin üzərində tutmalıdırlar. İmam Əbu Hənifə və onun tələbələrindən nəql olunan rəy yalnız budur.

2. Maliki məzhəbi: İmam Malikdən bu bu barədə üç rəvayət vardır: Birinci: Əlləri açıq buraxmaq. İkinci: Əlləri sinənin altında, göbəkdən yuxarı tutmaq. Üçüncü: Həm açıq həm də sinənin altında tutmaqda seçim etmək.

3. Şafii məzhəbi: Bu hədis Şafii məzhəbinin fiqh kitablarında dəlil olaraq gətirilir. Hətta Şafii məzhəbi fiqhinin ümdə dəlil kitablarından hesab olunan ibn Həcər əl-Əsqəlaninin “Buluğ əl-məram” əsərində də (275-ci hədis) bu hədis məzhəbin dəlili olaraq yer alır. Ümumiyyətlə İmam Şafiidən əlin qoyulması ilə bağlı üç rəvayət nəql olunmuşdur. Birincisi: Əlləri sinənin altında göbəkdən yuxarı tutmaq. “əl-Umm” əsərində qeyd olunan da budur və əksər şafiilər öz əsərlərində bu rəyə üstünlük vermişlər. İkinci: Əlləri sinənin üzərinə qoymaq. “əl-Hidayə” əsərinin müəllifi Şafiidən bunu nəql etmişdir. Üçüncü: Əlləri göbəkdən aşağı tutmaq. Bu “əl-Minhəc” əsərinin şərhində bu rəy qeyd olunmuşdur. “əl-Məvahib əl-lədunniyyəh” əsərində isə bu rəyin Şafiiyə deyil, onun bəzi ardıcıllarına məxsus olduğu bildirilir.

4. Hənbəli məzhəbi: İmam Əhməddən də bu barədə üç rəy varid olmuşdur: Birinci: Göbəkdən aşağı tutmaq. İkinci: Sinənin altında tutmaq. Üçüncü: İkisinin arasında seçim etmək.

Alimlər əllərin qoyulması barədə varid olmuş rəvayətlərin müxtəlifliyinə görə ixtilaf etmişlər. İndi isə həmin rəylərin dəlillərinə nəzər salaq.

Birinci rəy: Əlləri göbəyin altında tutmaq.

1-ci dəlil:

İbn Əbu Şeybənin “Musənnəf” əsərində Vail ibn Hucr (radiyallahu anhu) öz atasından rəvayət etmişdir ki: “Mən Peyğəmbəri (sallallahu aleyhi va səlləm) sağ əlini sol əlinin üzərində göbəyinin altında tutarkən gördüm.” Şeyx Muhəmməd Həyat əs-Sindi “Fəthul-məğfur” risaləsində demişdir: “Bu hədisdə “göbəyin altında” ifadəsi səhv olaraq hədisə əlavə olunub. Mən “Musənnəf” əsərinin səhih nüsxələrinə nəzər saldım, lakin oradakı eyni isnadlı, eyni mətnli hədislərdə “göbəyin altında” ifadəsi mövcud deyildir. Bu hədisin ardınca müəllif İbrahim ən-Nəxainin sözünü gətirmişdir. Onun sözündə “göbəyin altında” ifadəsi vardır. Ola bilsin ki kitabı köçürənin gözü onun sözünə dəyib və onu səhvən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sözü kimi yazıb.”

“əd-Durra fi izhari ğişşi nəqdis-surra”əsərində deyilir: “Vail ibn Hucrdan nəql olunan bu hədis haqqında çox söz söylənmişdir. İbn Əbu Şeybə bu hədisin ardınca Nəxainin buna oxşar sözünü qeyd etmişdir. Bəzi nüsxələrdə bu İbrahimin sözü kimi qeyd olunmuş, digərlərində isə o hədis kimi qeyd olunmuş, Nəxainin sözü isə buraxılmışdır. Beləliklə da aydın olur ki, kitabı köçürənlər hədislə Nəxainin sözünü qarışdırıblar.”

Şeyx Muhəmməd Faxir əl-Mühəddis əl-İlah Abadi “Nur əs-sünnə” əsərində demişdir: “Qasim ibn Qatlubğanın İbn Əbu Şeybənin “Müsənnəf” əsərindən nəql edərək “yaxşı” dediyi bu hədis etibarsız və zəifdir.”

İmam Əhmədin “Müsnəd” əsərində İbn Əbu Şeybənin sənədi ilə bu hədisin eynisi mövcuddur, lakin həmin hədisdə sadəcə sağ əlin sol əlin üzərinə qoyulması söylənilir. Əlləri göbəyin altına qoymaq isə burada qeyd olunmamışdır. Daraqutni də eyni hədisi eyni sənədlə rəvayət etmişdir. Həmin hədisdə də əlləri göbəyin altına qoymaqdan söhbət getmir. Hafiz Zeyləinin şeyxi İbn ət-Türkmani “əl-Cövhər ən-nəqa” əsərində bu məsələdə öz məzhəbini əsaslandırmaq üçün Ənəsdən və Əbu Hureyradan iki zəif hədis varid etmiş, lakin İbn Əbu Şeybəyə nisbət olunan hədisi nəql etməmişdir. Ümumiyyətlə həmin əlavəni Qasimdən savayı heç kəs nəql etməmişdir.

Öz dövrünün hafizi olan İbn Əbdül-Bərr “ət-Təmhid” əsərində demişdir: “əs-Səuri və Əbu Hənifə “əlləri göbəyin altında tutmaq lazımdır” – demişlər. Buna dəlil olaraq onlar Əlidən və Nəxaidən nəql olunmuş rəvayətləri qeyd etmişlər. Lakin həmin rəvayərlərin heç biri sabit deyildir. Hafiz İbn Həcər əl-Əsqəlani “Fəthul-Bari” əsərində İbn Əbi Xuzeymənin Vail ibn Hucrdan rəvayət etdiyi: “…əllərini sinəsinin üzərinə qoydu.” – hədisini, bir də əl-Bəzzarın rəvayət etdiyi: “… əllərini sinəsində qoydu” hədislərini qeyd etmişdir. “əl-Hidayə” əsərinin təxricində deyilir: “Bu rəvayət (yəni əllərini göbəyinin altına qoydu rəvayəti) zəifdir və Vail ibn ucrdan rəvayət olunan: “…əllərini sinəsinin üzərinə qoydu.” hədisinə ziddir. Beləliklə də İbn Əbu Şeybənin nəql etdiyi iddia olunan hədisin zəif olduğu bəlli olur. Hətta Hənəfi məzhəbinin bütün dəlillərini toplamış Hafiz Zeyləi belə bu hədisi nəql etməmişdir. Əgər belə bir hədis mövcud olsa idi, hökmən onu nəql edərdi. Çünki Hənəfi məzhəbində məzhəbin fiqhi dəlilləri baxımından onun tayı-bərabəri yoxdur.

Öz dövrünün Hafizi olan İmam Suyuti “Vazaifil-yəumi val-leylə” əsərində demişdir: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) sağ əlini sol əlinin üzərinə qoyaraq sinəsinə sıxardı.” Suyuti “Cəmi əl-kəbir” əsərində mövzu ilə bağlı “Musənnəf” əsərindən doqquz hədis nəql etmişdir. Lakin onların heç birində “göbəyinin altında” ifadəsi yoxdur. Buxarinin “Səhih” əsərini şərh edən ən məşhur hədis alimlərindən olan əl-Ayni öz şərhində demişdir: “Şafii dəlil olaraq aşağıdakı hədisi gətirmişdir: Vail ibn Hucrdan (radiyallahu anhu) rəvayət olunan hədisdə o demişdir: “Mən Peyğəmbərlə (sallallahu aleyhi va səlləm) birlikdə namaz qıldım və o, sağ əlini sol əlinin üzərinə qoyub sinəsinin üzərində tutdu.” Hədisi İbn Xüzeymə öz “Səhih” əsərində rəvayət etmişdir.” Hənəfilərin dəlili isə səhih deyildir. Şeyxi ibn əl-Huməm kimi böyük alimlərdən hesab olunan İbn Əmir əl-Həcc “əl-Məniyyə” əsərini şərh edərkən demişdir: “Sünnədə sabit olan sağ əli sol əlin üzərinə qoymaqdır. Vailin bu hədisindən savayı əllərin qoyulması ilə bağlı varid olan dəlillərin heç biri sabit deyil.” “əl-Bəhrur-raiq” əsərində deyilir: “Musənnəf əsərindəki (göbəyinin altında) ləfzi ilə varid olan hədis sabit olsaydı İbn Əmir əl-Həcc onu böyük məmnuniyyətlə qeyd edərdi. Beləliklə də Vail ibn Hucrdan (göbəyinin altında) ləfzi ilə varid olan hədisin sabit olmadığı aydın oldu.

2-ci dəlil:

Əbu Davud, Əhməd, İbn Əbi Şeybə, Dəraqutni və Beyhəqinin Əbu Cuheyfədən, onun da Əlidən (radiyallahu anhu) rəvayət etdiyi hədisdə deyilir: “Əli digər əlin üzərinə qoyaraq göbəyin altında tutmaq sünnətdir.” Bu hədisin isnadında keçən Abdur-Rahmən ibn İshaq əl-Vasiti zəif ravidir və onun hədisləri götürülmür. Hafiz Zeyləi “Nasb ər-rayə” əsərində bu hədisi qeyd etdikdən sonra demişdir: “İbn əl-Qattan demişdir: “Abdur-Rahmən ibn İshaq ibn əl-Hərb Əbu Şeybə əl-Vasiti haqqında Əhməd ibn Hənbəl və Əbu Hatim demişlər: “Hədisləri münkərdir.” İbn Məin isə belə demişdir: “O heç nədir.” Buxari isə demişdir: “Onda problem var.” Beyhəqi “əl-Mərifə” əsərində demişdir: “Bu hədisin isnadı sabit deyil. Belə ki, hədis Abdur-Rahmən ibn İshaq əl-Vasitidən nəql olunur ki, o da mətruk (tərk olunmuş) ravidir.” İmam Nəvəvi “əl-Xülasə” və “Muslimin şərhi” əsərlərində demişdir: “Bu hədisin zəif olması barədə alimlər ittifaq etmişlər. Çünki Abdur-Rahmən ibn İshaq yekdilliklə zəif ravidir.”

Beləliklə də bütün bunları bildikdən sonra Əlinin (radiyallahu anhu) hədisinin də zəif olduğu bəlli olur. Əlavə olaraq onun bu sözü Uca Allahın: “Rəbbin üçün namaz qıl və qurban kəs” (əl-Kövsər, 2) – ayəsinin təfsirində söylədikləri ilə ziddiyyət təşkil edir. Həmin hədisi “əd-Durr əl-mənsur” əsərində deyildiyi kimi Beyhəqi, İbn Əbu Şeybə, İbn əl-Munzir, İbn Əbu Hatim, Dəraqutni, Əbuş-şeyx, Hakim və ibn Mərdaveyh nəql etmişlər. Həmin hədisdə Əli ayəni açıqlayaraq “Rəbbin üçün namaz qıl və qurban (dəvə) kəs” yəni, namazda əllərini nəhr yerinə (Yəni dəvənin boğazının kəsildiyi yerə, sinənin üzərinə) qoy. Hənəfilər bu hədisin Əlidən nəql olunan yuxarıdakı zəif hədislə ziddiyyət təşkil etdiyini əsas gətirərək onu mənsux (nəsx olunmuş) hesab edirlər. əl-Fadil Məllə əl-Həddad “əl-Hidayə” əsərinin haşiyəsində demişdir: “Əgər əlləri göbəyin altında tutmaq hədisi zəifdirsə və “qurban kəs” ayəsinin təfsirindəki hədisə ziddirsə, o zaman gərək Nəvəvinin qeyd etdiyi Vailin hədisinə riayət olunsun.” Əslində bu hədis sadəcə Hənəfilərin üslubuna görə mənsuxdur. “əd-Durra fi izhar ğişşi nəqdis-surra”əsərində (onu da qeyd edək ki, bu əsərin müəllifi Hənəfi məzhəbində olmuşdur) deyilir: “Əbu Davud Cərir əd-Dabbinin belə dediyini rəvayət etmişdir: Mən Əlini sağ əlini sol biləyinin üzərinə qoyub göbəyinin üzərində tutduğunu gördüm.” Elm əhlinə görə əgər ravi öz rəvayət etdiyinə müxalif bir əməl edirsə, onun rəvayət etdiyi nəsx olunmuş hesab olunur. Əlidən rəvayət olunan bu əməl onun sözündən güclü olmasa da onunla eyni səviyyədə hesab olunur.”

3-cü dəlil:

Əbu Davudun “Sünən” əsərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə o demişdir: “Namazda əlləri əllərin üzərinə qoymaq göbəyin altında olur.” Bu hədisin də isnadında keçən həmin Abdur-Rahmən ibn İshaq əl-Vasiti zəif ravidir və onun hədisləri götürülmür. Yuxarıdakı hədisdən sonra bizə bəlli olmuşdu ki, onun hədisləri zəif və etibarsızdır.

4-cü dəlil:

İbn Həzmin “əl-Muhəllə” əsərində (əlavə olaraq) Ənəsin (radiyallahu anhu) belə dediyi nəql olunur: “Üç şey peyğəmbərlik əxlaqındandır: İftarı tezləşdirmək, Səhuru gecikdirmək, bir də namazda sağ əli sol əlin üzərinə qoyub göbəyin altında tutmaq.” Hənəfilər bu hədisi öz kitablarında isnadsız nəql edib yazırlar. Lakin mühəddislər bu hədisin isnadını tapa bilməyiblər. Sənədi bəlli olmayan bir rəvayət isə əsla dəlil hesab oluna bilməz. “əd-Durra fi izhari ğişşi nəqdis-surra” əsərində deyilir: Ənəsdən nəql olunan bu hədis barədə əl-Ayni demişdir: Bu hədisin sənədi məlum deyildir. Məlum bir sənədi olsaydı baxardıq görək bunun raviləri etibarlıdırlar yoxsa yox. Bir sıra alimlər bu hədisi “əlləri göbəyin altında tutmaq” ləfzi olmadan rəvayət etmişlər. Etibarlı bir ravinin rəvayətini qəbul etmək üçün isə gərək ilk öncə həmin etibarlı ravinin kimliyi ilə tanış olaq.”

Şeyx Haşim əs-Sindi “Dərahim əs-surra” əsərində Ənəsin bu hədisini qeyd edərək demişdir: “Bu hədisin isnadını tapa bilməmişəm.”

Beləcə əlləri göbəyin altında tutma mövqeyində olanların dəlillərinin hamısının zəif olduğu aydın oldu.

İkinci rəy: Əlləri göbəkdən yuxarı tutmaq.

Bu rəyə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) heç bir dəlil yoxdur. Yalnız yuxarıda qeyd olunana Əlidən (radiyallahu anhu) nəql olunan məvquf (yəni Peyğəmbərə deyil səhabəyə nisbət olunan) hədis buna dəlildir. Əbu Davud Cərir əd-Dabbinin belə dediyini rəvayət etmişdir: Mən Əlini sağ əlini sol biləyinin üzərinə qoyub göbəyinin üzərində tutduğunu gördüm.” Bir sıra alimlər, o cümlədən Hafiz Əbul-Ulə Muhəmməd Abdur-Rahmən əl-Mubərakfuri də Tirmizinin “Sünən” əsərinin şərhində bu hədisin ya səhih, ya da həsən olduğunu bildirmişdir. Lakin alimlər bu hədisi Vail ibn Hucrdan rəvayət olunan (sinənin üzərində tutdu) hədisi ilə cəm etmişlər. Belə ki, sinənin üstü də göbəkdən yuxarıda yerləşir. Həmin Vail ibn Hucrdan rəvayət olunan (sinənin üzərində tutdu) hədisini də əl-Mubərakfuri səhih hesab edir. İbn Seyyidin-nəs də Tirmizinin şərhində İbn Xuzeymədən nəql olunan həmin hədisin səhih olduğunu bildirmişdir. Şeyx Muhəmməd Qaim əs-Sindi əl-Hənəfi “Fouz əl-kiram” əsərində bu hədisin ibn Xüzeymənin şərtlərinə müvafiq olduğunu bildirmişdir. İbn Seyyid ən-nəs “Şərhul-məniyyə” əsərində demişdir: “Sünnədə sabit olan sağ əli sol əlin üzərinə qoymaqdır. Vaildən nəql olunan hədisdən savayı əllərin qoyulma yerini təyin edən hədislərin heç biri sabit deyil.” Şeyx Həyat əs-Sindinin “Fəthul-Ğafur” əsərində “əl-Bəhrur-raiq” əsərinin müəllifinin də həmin sözləri dediyi nəql olunur. əş-Şəukəni “Neylul-əvtar” əsərində demişdir: “Bu hədisi İbn Xüzeymə öz “Səhih” əsərində səhih olaraq rəvayət etmişdir. Hafiz İbn Həcər əl-Əsqəlani “Fəthul-Bari” əsərində demişdir: “Səhl ibn Sad əllərin hara qoyulmasını qeyd etməmişdir. İbn Xüzeymənin Vail ibn Hucrdan rəvayət etdiyi hədisdə əllərini sinənin üzərinə qoyulması göstərilir. əl-Bəzzərin rəvayət etdiyi hədisdə isə ələrin sinədə qoyulması bildirilir. Əhmədin “Musnəd” əsərində Həlub ət-Taidən nəql olunan hədisdə bunun bunun bənzəri nəql olunmuşdur. Musnədin əlavələrində əllərin göbəyin altına qoyulması barədə də hədis varid olmuşdur. Lakin həmin hədisin isnadı zəifdir.” Hafiz ibn Həcərin sözləri Vailin hədisinin (əlləri sinənin üzərinə qoyulması ilə bağlı) ona görə ya səhih ya da həsən olduğunu göstərir. Belə ki, o burada əllərin qoyulması ilə bağlı üç hədis qeyd etmişdir: Vailin hədisi, Həlubbun hədisi, bir də Əlinin hədisi. Sonra o, Əlinin hədisinin zəif olduğunu bildirmişdir. Vaillə Həlubbun hədisləri barədə isə o, bir söz söyləməmişdir. Əgər bu iki hədis ona görə zəif olmuş olsaydı hökmən həmin hədislərin zəif olduğunu bəyan edərdi. Çünki “Fəthul-Bari” əsərinin müqəddiməsində o, demişdir: “Bu kitabda mən səhih və ya həsən olmaq şərtilə hədisləri qeyd edəcəyəm.” Onun bu sözləri Vailin hədisinin səhih və ya həsən olduğunu deyə bilməmizə əsas verir. Nəticə etibarı ilə namazda əllərin sinəyə qoyulması ilə bağlı olan hədis məqbuldur və dəlil kimi yararlıdır.

İmam Əhmədin “Müsnəd” əsərində deyilir: Bizə Yəhya ibn Səid Sufyandan, o da Səmməkdən, o da Qubeysa ibn Həlubdan, o da atasından rəvayət edərək demişdir: ”Mən gördüm ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) əllərini sinəsinin üzərinə qoydu.” Yəhya əl-Yəməninin rəvayətində isə “sağ əl sol biləyin üzərində” əlavəsi vardır. Bu hədisin bütün raviləri etibarlı ravilərdir. Hədisin sənədi də tam və bitişikdir. Yəhya ibn Səid əl-Qəttana gəlincə o, hafiz, hüccət və dövrünün görkəmli cərh və tədil alimidir. Hafiz İbn Həcər “Təqrib ət-təhzib” əsərində onun barəsində demişdir: “O, etibarlı, dəqiq, hafiz, imam və nümunəvi şəxsdir.” Sufyan əs-Sövri barəsində isə İbn Həcər “Təqrib ət-təhzib” əsərində demişdir: “O, etibarlı, hafiz, fəqih, abid, imam və hüccətdir. Ola bilsin ki, bəzən tədlis etmişdir.” Lakin bu hədis “bizə demişdir” qəti ləfzi ilə rəvayət olunduğu üçün burada tədlisdən söhbət gedə bilməz. Səmmak ibn Hərb isə “Təqrib” əsərində deyildiyi kimi dürüst ravidir. Onun ikrimədən nəql etdiyi rəvayətlərdə ziddiyyət vardır. Lakin sonradan bu aradan qalxmışdır. Zəhəbi demişdir: Əhməd demişdir: Səmmak mudtaribdir.(Yəni ziddiyyətli rəvayətlər nəql edir.) Şeybə də onu zəif saymışdır. İbn Xidaş demişdir: O yumşaqdır. İbn Məinlə Əbu Hatim onu etibarlı ravi hesab etmişlər. Lakin Səmmakın bəzən ziddiyətli hədislər rəvayət etməsi bu hədisə xələl gətirmir. Çünki onun İkrimədən etdiyi rəvayətlərdə ziddiyyət vardır. Qeyd olunan hədisi isə Səmmak Qubeysadan rəvayət etmişdir. “Təhzibul-kəməl” əsərində deyilir: “Yaqub demişdir: Səmmakın yalnız İkrimədən etdiyi rəvayətlər ziddiyyətlidir. İkrimədən qeyrilərindən nəql etdiyi rəvayətlər isə yararlıdır. Sufyanın, Şöbənin və başqalarının ondan nəql etdikləri rəvayətlər dürüstdür.” Qubeysaya gəlincə onun da etibarlı ravi olduğunu bildik. Onun atası isə səhabə idi. Beləliklə Həlub ət-Taidən nəql olunan bu hədis həsəndir. “Əsər əs-sünnə” əsərinin müəllifi də bu hədisin isnadının həsən olduğunu etiraf etmişdir. Odur ki, bu hədisi namazda əlləri sinənin üzərinə qoymağa dəlil gətirmək olar.

Daha bir dəlil Əu Davudun Tavusdan mürsəl olaraq nəql etdiyi hədisdir. Həmin hədisdə məşhur tabiin Tavus demişdir: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) namazda sağ əlini sol əlinin üzərinə qoyar, sonra da onları sinəsinin üzərinə sıxardı.” Hafiz əl-Muzzi demişdir: “Bu hədis Əbu Davudun “Mərasil” kitabında nəql olunmuşdur.” Beyhəqi də “əl-Mərifə” əsərində bunu demişdir. Tavusun bu hədisinin ravilərinin hamısının etibarlı olmasına baxmayaraq Mürsəldir. Yəni Tavusun bu hədisi hansı səhabədən rəvayət etdiyi qeyd olunmur. Hədis əhlinə görə Mürsəl hədis zəif hesab olunsa da İmam Əbu Hənifə, İmam Malik və İmam Əhmədə görə Mürsəl hədislər mütləq olaraq məqbul hesab olunur. İmam Şafiiyə görə isə Mürsəl hədis başqa Muttasil (yəni tam isnadlı) rəvayətlərlə təsdiqlənərsə, o zaman məqbul hesab olunur. Bu mürsəl hədis də az öncə qeyd olunan Vailin və Həlub ət-Tainin hədisləri ilə qüvvətlənmiş hesab olunur. Demək bu hədisi də namazda əlləri sinənin üzərində tutmağa dəlil gətirmək olar.

Qeyd: Bəzi hənəfilər Vailin hədisinin Mudtarib, yəni ziddiyyətli hədis olduğunu söyləmişlər. Demişlər ki, İbn Xüzeymənin hədisində “sinəsinin üzərində”, əl-Bəzzarın rəvayətində “sinəsində”, İbn Əbi Şeybənin rəvayətində isə “göbəyin altında” deyilir. Lakin Mübarəkfuri Tirmizinin “Sünən” əsərinin şərhində demişdir: “Bildiyimiz kimi, hədis elminə görə hədisin rəvayətləri arasında ixtilaf olduqda həmişə həmin hədis Mudtarib olmur. Bunun üçün bütün rəvayətlərin eyni səviyyədə olması şərtdir. Belə ki, racih olmayan rəvayət racih rəvayətə tay ola bilməz. Burada da hədisin rəvayətləri eyni səviyyədə deyillər. İbn Əbi Şeybənin rəvayətinin zəifliyi barədə qeyd etdiklərimiz nəzərə alınmalıdır. əl-Bəzzarın rəvayətinə gəlincə isə Vailin rəvayəti ondan racih hesab olunur. Çünki həmin rəvayətə Həlubbun hədisi, bir də Tavusun Mürsəli şahidlik edir. əl-Bəzzarın rəvayətinin isə şahidi yoxdur. Lap fərz edək ki, bu iki rəvayət eyni səviyyədədir. Bu zaman da iki rəvayəti cəm etmək mümkündür. Şeyx Əbul-Məhasin Muhəmməd əs-Sindi “Fovzul-kiram” risaləsində demişdir: “Möhtəşəm alim Əbul-Həsən “Cavaz ət-təqlid val-əməl” əsərində Vailin, Həlubbun, Tavusun hədislərini, habelə Əlinin, Ənəsin və İbn Abbasın təfsirlərini qeyd edərək demişdir: Bu hədisləri Şafii götürmüşdür. Lakin o demişdir ki, əlin aşağı hissəsi sinənin altında olmalıdır ki, bütün hədislərə riayət olunsun.” Bəzi alimlər isə bəzən sinənin üzərində, bəzən də sinənin altında tutmaqla iki hədisin cəm olunmasını mümkün hesab etmişlər. Necə ki, təkbir zamanı əlləri bəzən çiyin bərabərində, bəzən də qulaqların bərabərində qaldırmalı oluruq. Beləcə bəzi hənəfilərin hədisin Mudtarib olması iddialarının əsassız olduğu məlum oldu.

Sonda bir daha vurğulamaq isyəyirik ki, bu fəsildə varid olmuş hədislərin arasında ən səhih olanı əlləri sinənin üzərinə qoymaqla bağlı olan rəvayətlərdir.

https://www.facebook.com/pages/EHLI-SUNNE-VE-CAMAAT/100733693354024

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s