İslam “qılınc” dinidirmi?


images«Əgər Rəbbin istəsəydi, yer üzərində olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?»
Ali-İmran sürəsinin 19-cu ayəsində buyurulur: «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır…». Tanrının haqq, doğru din adlandırdığı İslam dini, həqiqətən, xoşbəxtlik, qardaşlıq, birlik, məhəbbət dinidir. Məhz bu din vasitəsilə bütün bəşəriyyət doğru yola yönəldilir. Qurani-Kərim nəinki ərəblərin, eyni zamanda bütün dünya xalqlarının kitabı sayılır. Bu müqəddəs kitab yalnız müsəlmanlarla deyil, həm də qeyri-müsəlmanlarla da ünsiyyət qurur, onları haqq dini olan İslama səsləyir.
Məsələn, Tövbə sürəsinin 11 ayəsində bütpərəstlər haqqında belə buyurulur: «Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik».

İslam ilk olaraq ərəb ölkəsində yaransa da, hicrətin 6-cı ilindən etibarən bu din Ərəbistan yarımadasından kənarda təbliğ olunmağa başlandı. Tarixə nəzər yetirdikdə şahidi oluruq ki, İslam nəinki müsəlmanlar, eyni zamanda bütpərəst, yəhudi, nəsrani və müxtəlif dinlərin nümayəndələri tərəfindən də təbliğ edilmişdir.

İslam nəinki Avropada, dünyanın hər bir qitəsində ən dinamik və ən çox yayılan bir din olaraq öz özəlliyini qoruyub saxlayır. Bu müqəddəs dinin son zamanlar hər cür mübahisəli mövzularla gündəmdə olmasına baxmayaraq, gərçək həyatı tanımaq istəyən və nə üçün yarandığının məntiqli izahını axtaran milyonlarla insan bütün sualların cavabını məhz İslamda tapdıqlarını təsdiqləyirlər. Aparılan sorğu nəticəsində məlum olmuşdur ki, son illərin ən çox oxunan və satışına görə rekord qazanan kitabı Qurani-Kərimdir. Əlbəttə ki, bütün bunlar da onu göstərir ki, doğrudan da bu dinə maraq günü-gündən artmaqdadır. Çox təəssüflər olsun ki, bəziləri müsəlmançılığı məcburiyyət kimi anlayır və hətta «Qılınc müsəlman» deyə ifadə işlədirlər. Şübhəsiz ki, bu doğru deyil. Bu yalnız İslama zərbə vurmaq üçün işlədilən bir ləkə, iftiradır. İslam elminin zənginliyindən məlumatı olan hər bir kəs bilir ki, ümumiyyətlə, İslamda zorakılıq, məcburiyyət yoxdur. İslam vəhdət dinidir. Hətta Allah Rəsuluna (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzərində olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?».

Yeri gəlmişkən vurğulamaq istərdim ki, bütün istiqamətlərdə yüksək inkişafına baxmayaraq böyük çətinlik və mənəvi böhranlar yaşayan Qərb insanı da illər boyu axtardığı hüzuru, həqiqi rahatlığı, azadlığı və xoşbəxtliyi məhz İslamda tapdığı üçün müsəlman olduğunu etiraf edir. Nəinki Qərbi Avropada, hətta Almaniyada, Rusiyada, Şimali və Cənubi Amerika ölkələrində yaşayan bir çox təhsilli, yüksək vəzifəli insanların, dövlət işçilərinin belə müsəlmançılığı qəbul etmələri onu göstərir ki, həqiqətən də İslam azadlıq, sərbəstlik dinidir.

Həzrəti Əli (ə) buyurmuşdur: «Başqasına qul olma, çünki Allah səni azad yaradıb».
Xüsusilə qeyd etmək istərdim ki, 11 sentyabr hadisələrindən sonra İslamı «terror dini» kimi dünyaya tanıtmaq istəyən ABŞ-da belə Qurani-Kərimə və Muhəmməd peyğəmbərə (s) qarşı maraq günbəgün artmaqdadır. Son ildə həmin ölkədə müsəlmanların sayının 2 milyona çatması, Quran kitabının yüksək tiracla satışı və 1200-dən çox məscidin olması buna dəlil gətirilə bilər. Bundan əlavə «Okaz» qəzetinin yaydığı məlumata görə, İtaliyada fəaliyyət göstərən «Naw Newton Comptor» adlı nəşriyyatda son beş il ərzində 40 min Quran satıldığı halda, 11 sentyabr hadisəsindən sonra bir ay içərisində 20 min italyan dilində təfsirli Quran satılmışdır.
Hətta Asiya, Afrika, Avropa və Amerika memarlıq abidələrinin üzərində ərəbcə bu cür sözlərə rast gəlmək olar: «Allahu Əkbər-Allah böyükdür», «Əl-Mülk lillah-Mülkiyyət Allaha məxsusdur», «Lə həvlə və lə quvvətə illə billəh-Allah verəndən savayı heç bir qüvvə və qüdrət yoxdur», «Lə ğalibə illəllah-Allah məğlubedilməzdir», «Təvvəlkəltu aləllah-Ümidim bir Allahadır». Bütün bunlar da dünyanın hər bir yerində müsəlmanların var olduğunu, sürətlə inkişaf etdiyini və İslamın haqq, doğru din olduğunu sübut edir.
Bildiyimiz kimi, Sovet hakimiyyəti zamanı dini inanclarımıza istədiyimiz şəkildə sahib çıxa bilmirdik. Hətta böyüklərimizin dediklərinə görə, bəzi müsəlmanlar bir çox təzyiqlərə baxmayaraq gizli yollarla da olsa dini məclislər keçirir və aşuraları qeyd edirmişlər. Şükürlər olsun ki, bu gün buna bənzər problemlər yaşanmır, əksinə, dini bayram və matəmlər açıq-aşkar qeyd edilir. Son illər islamçılığın böyük sürətlə inkişaf etdiyi məmləkətimizdə həmyerlilərimizlə yanaşı bir çox başqa millətlərin nümayəndələrinin də müsəlmançılığa meylinin artması çox sevindiricidir. Yaşından və millətindən asılı olmayaraq bir çoxlarının dinimizi qəbul edərək müsəlman olduqlarının, böyük sevgi ilə Quran dərsləri alaraq, onu gözəl qiraət etdiklərinin şəxsən özüm şahidiyəm. Ailələrinin və ya ətrafındakı insanların etirazlarına baxmayaraq, dinimizin qanunlarına ciddi şəkildə riayət edən, hicaba keçən, adlarını müsəlman adları ilə əvəz edən möminlərin sayı günü-gündən artmaqdadır.

Müqəddəs Qədr gecəsi məscidlərin birində oldum. Gecədə ən çox gənc möminlərin iştirak etməsi hər kəs tərəfindən gözəl qarşılandı. Hətta ürəkaçan bu kadr şəhərimizə təşrif buyuran iraqlı xanımın da diqqətindən yayınmadı və o, azəri gənclərinin bu hərəkətini təqdirəlayiq qiymətləndirdi. Doğrudan da, yaşlı nəsildən fərqli olaraq gənclərimizin İslama meyli artmaqdadır. Ötən gün dini forumların birində gənclərin namazla bağlı düşüncələrini nəzərdən keçirirdim. Müxtəlif fikirlərlə qarşılaşdım. Forumdakıların çoxu namazdan öncəki həyatlarının mənasız olduğunu yazırlar. Mövzu ilə tanış olarkən diqqətimi cəlb edən əsas o oldu ki, buradakı gənclərin çoxu İslama gəlməmələrinin səbəbini utancaqlıqla, ətrafındakı insanlar tərəfindən ələ salınmaqla əlaqələndirdi. «Namaz qılmaq istəyirdim, amma qorxurdum ki, hörmətim azalar, məni az istəyərlər», – deyə etiraf edən bir gənc dini mütaliələr etdikdən bir müddət sonra yalnış düşündüyünün fərqinə vardığını, etdiyi günahlardan Allahına sığınaraq tövbə etdiyini və nəticədə mömin olduğunu yazır. Təəssüflər olsun ki, bu cür faktlar çoxdur. Bəziləri möminləri cahil belə adlandırmaqdan çəkinmirlər. Halbuki, Quran elmlərin ən böyüyü, İslam əqidəsinin, əxlaq və şəriətinin ilk istinad etdiyi mənbədir. Əvvəllər ateist olan gənc qız isə yüksək insani keyfiyyətlərə sahib olan mömin birisi ilə tanış olduqdan sonra həmin şəxsin elmli, əxlaqlı, mədəni, təmiz, pak birisi olmasını İslamla əlaqələndirmiş və mömin dostunun köməkliyi ilə müsəlman olduğunu, hicaba keçdiyini və hal-hazırda özünü xoşbəxt bəndə saydığını etiraf edir. Bu kimi hadisələrə nəinki Azərbaycanda, eyni zamanda bir sıra Avropa ölkələrində də rast gəlmək mümkündür. İzninizlə müsəlman olmuş avropalı bir xanımın İslamla bağlı düşüncələrini sizlərə təqdim edirəm.

Rikka Kvimark: Əslən finlandiyalı olsam da hazırda İsveçdə, Stokholmda yaşayıram. 31 yaşım var. Tibb universitetində çalışıram. Müsəlman olmadan öncə peyğəmbərimizi (s) sadəcə bir «şəxs» kimi tanıyırdım. İslamı qəbul etdikdən sonra həyatın gerçək mənasını və nə üçün var olduğumu anladım. Etiraf edim ki, bu, olduqca gözəl hissdir. Əvvəllər İslamı sadəcə hiss edirdim. Düzünü desəm, xristianlar üçün ilahiləşdirilmiş İsa (s) peyğəmbər anlayışından dolayı başqa bir peyğəmbərə sevgi ilə yanaşmaq mövzusunda ilk olaraq çəkinirdim, məsafəli davranırdım».

İslamdakı Muhəmməd (s) anlayışını və onun mənalı həyatını oxuduqdan sonra gözləmədiyi halda peyğəmbərimizə aşiq olduğunu etiraf edən Rikki xanım ilk hisslərini bu cür təsvir edir: «Əvvəllər protestant idim, lakin katiolik kilsəsinə gedirdim. Orada din fərqli şəkildə insanlara başa salınır. Sanki Allaha yaxın olmaq üçün mütləq öncə İsa peyğəmbəri tanımaq, duaları ondan diləmək lazımdır. Həftədə bir dəfə kilsəyə getmək lazım olduğu halda, mən hər gün gedirdim. Bunda da bir xeyir varmış. Bu gediş-gəlişdə bəzi məsələlərə aydınlıq gətirdim. Vaxt keçdikcə ibadət yerlərində Həzrəti Məryəm və İsanın ikonalarının, heykəllərinin olması və hər bir duanın onlardan istənməsini qəbul edə bilmirdim. Müsəlman olub namaz qıldıqdan sonra aradakı fərqi gördüm. Mən indi gündə beş dəfə Rəbbimlə söhbət edir, Muhəmməd peyğəmbərimiz xatirinə Ondan istəklərimi diləyirəm. Bütün bu fərqliliklər məni İslama gətirdi. İslamda hər şey o qədər yerindədir ki, insan oxuduqca «bu belə olmalıdır, Allah nə qədər də mərhəmətlidir!» deyir. Mən bəzi suallar qarşısında aciz idim. Müqəddəs Quranı oxumaqla axtardığım bütün suallara cavab tapdım. Sonuncu peyğəmbəri – Muhəmmədi (s) tanıdıqca daha çox sevdim, hörmətim sonsuz oldu. Hicaba keçdim. Oğlum oldu, peyğəmbərimizə olan sevgimdən oğluma onun sevimli nəvəsi Həsənin adını verdim. Allahın Elçisinə olan hisslərimi heç nə ilə sübüt edə bilmərəm, bunun üçün nə cümlələr yetər, nə də zaman. Bu, olduqca gözəl bir duyğudur, bunu hər bir insanın yaşamasını istərdim. Muhəmməd (s) kimdir? Böyük bir elçi, ulu bir öndər. İnsanlar üçün örnək olan bu ilahi şəxsiyyəti hər kəsin tanımasını arzu edirəm».

Əlbəttə, nə qədər gec deyil, bu kimi insanlardan ibrət götürmək, o xoşbəxt duyğuları yaşamaq və Allaha bir addım da yaxın olmaq üçün Rəbbimizin haqq dini saydığı İslama gəlmək lazımdır.

«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali İmran, 85).

Mənbə: YENİÇAĞ

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s