Ömər ibn Xəttabın (radıyallahu anhu) İmam Əlinin (radıyallahu anhu) qızı ilə evliliyi


45541_445910815475917_2084107294_n

RƏHMLİ və MƏRHƏMƏTLİ ALLAHIN adı ilə

Bu evliliklə o, Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) kürəkəni olmaq şərəfinə nail olmuşdur.

Bu mübarək evlilik barədə çox danışılır. Bəziləri bunu böhtan adlandırır, bəziləri təsdiq etsə də, təzyiq altında olduğunu iddia edir, bəziləri də haqqı gizlədərək xalqı aldadırlar. Bu qısa araşdırmanı yazmaqda məqsədim müsəlmanları birliyə dəvət etməyin əvəzinə parçalayan, aradakı buzları ərtməyin əvəzinə bir-birini qarşı-qarşıya qoyaraq ədavət hissləri formalaşdıran, Allahın ipindən yapışmağın, Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) yolu ilə getməyin əvəzinə məzhəbçilik və ikitirəlik salaraq milləti bölən, hərtərəfli qohumluq və gözəl münasibətləri olan Əhli-Beyt və Səhabə arasında guya düşmənçilik olduğunu yalandan iddia edərək insanlarda çaşqınlıq yaradanlara mesaj göndərərək ağıl və məntiqlə hərəkət etmələrini, heç kəsə siyasi və dini qurban olmamalarını istəməyimdir.

İslam tarixində böyük şəxsiyyət kimi tanınan, Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) qayınatası, İmam Əlinin (radıyallahu anhu) kürəkəni və möminlərin əmiri olan Ömər ibn Xəttabı (radıyallahu anhu) haqqım çatmasa belə, az da olsa haqqını haq sahiblərinə çatdırmaq istəyirəm. Bu böyük insanın ədaləti və zahidliyi barədə yazdıqca qurtarmaq, dinlədikcə doymaq olmur. Mən şəxsən bir azərbaycanlı olaraq əvvəl Uca Allaha şükür etmək və sonra da Ömərə (radıyallahu anhu) təşəkkürlərimi bildirmək istəyirəm. Çünki biz atəşpərəst, məcusi olaraq alova ibadət etdiyimiz halda, bizim İslama gələrək müsəlman olmağımıza, Uca Allahı, Onun Rəsulunu (səllallahu aleyhi va alə alihi va səlləm) və Əhli-Beytini (radıyallahu anhumə) tanıyaraq sevməyimizə səbəb Ömər (radıyallahu anhu) olub.

Təəssüflər olsun ki, bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən bu böyük İslam xəlifəsinə böhtanlar atır, gecə-gündüz lənətlər oxuyub çirkin söyüşlər söyür və belə edənin savaba nail olduğunu iddia edirlər. Əfsuslar olsun ki, böyük alim kimi tanınan bəzi məzhəb təəssübkeşləri də bu karvanlara sarvanlıq edirlər. Belələrindən biri olan və çox böyük imami alimi kimi tanınan Muhəmməd Baqir əl-Məclisi qeyd etdiyimiz məsələ ilə bağlı belə deyib: “Deyirəm: Əbu Bəkrin, Ömərin və onlara oxşayanların kafirliyinə, onlara lənət oxumağın savab olmasına sübut olan hədislər vardır” (Məclisi, “Bihərul-Ənvar”, 30/399). Utanaraq, sizdən də üzrxahlıq edərək bura qeyd etdiyim Tuveysərkani də belələrindəndir. O da belə deyir: “Bil ki, onlara lənət

oxumaq üçün məkanların, vaxtların və halların ən şərəflisi və münasib olanı ayaqyolunda olduğun zamandır. Hər yuyunaraq paklaşdığın zaman fikrini toplayıb təkrar-təkrar de. Allahım, Ömərə sonra Əbu Bəkrə, Ömərə sonra Osmana lənət et…” (Tuveysərkani, “Ləəlil-Əxbar” 4/92).

Alimliyə, daha doğrusu insanlığa, İslamın gətirdiyi əxlaqa zidd olan bu ifadələrin sahibinin qeyd etdiyi bir məkanda -digər məsələləri hələ bir kənara qoyuram- Allahın adına hörmət etməməsi elə onun İslamda hansı payının olduğuna sübut olaraq kifayət edir.

Qızlarımızı kimə ərə verə bilərik?

Uca Allahın bəndələrinə olan sonsuz nemətlərindən biri də əks cinsin bir-biri ilə ailə həyatı quraraq rahatlıq tapmasıdır. Allah Quranda belə buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rum” surəsi, 21).

Uca Rəbbimiz dünya və axirətimizə xeyirli olması üçün bizə kimlərə qızımızı verə biləcəyimizi bəyan edərək buyurur: “Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları onlara arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə xoşunuza gələn müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır” (“Bəqərə” surəsi, 221).

Hər bir işimizdə bizə nümunə olan Peyğəmbərimiz (səllallahu aleyhi va alə alihi va səlləm) qızlarımızı kimlə evləndirməyimizi əmr edərək deyib: “Əgər dinindən və əxlaqından razı olduğunuz kəs sizdən qız almaq istəyərsə, onu evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə və böyük fəsad olar” (Tirmizi, “Sunənut-Tirmizi” 2/274; Kuleyni, “əl-Kafi” 5/346).

Kim qızını düşməninə ərə verər?

Qeyd etdiyim ayə və hədisdən də aydın olur ki, Allahın və möminlərin dostu olan Əli (radıyallahu anhu) Allahın və Rəsulunun (səllallahu aleyhi va alə alihi va səlləm) əmrinə tabe olaraq Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) nəvəsi olan Ummu Gülsümü (radıyallahu anhə) həqiqi müsəlmana və yalnız o evə yaraşan birinə verə bilərdi.

Bəli, Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) nəvəsi olan Ummu Gülsüm kiçik səhabələrdən sayılır. Ummu Gülsüm hicrətin altıncı ilində Həzrəti Muhəmməd (səllallahu aleyhi va alə alihi va səlləm) kimi babanın, Əli (radıyallahu anhu) kimi atanın və Fatimə (radıyallahu anhə) kimi ananın mübarək evində dünyaya

gəlib. Onun adı da kunyəsi də elə Ummu Gülsümdür. Kulsum (Gülsüm) ərəb dilində üzü dolu olan gözəl qıza deyilir.

İndi sübutlarla görəcəyik ki, həqiqətən İmam Əli (radıyallahu anhu) Fatimədən (radıyallahu anhə) olan qızı Ummu Gülsümü xəlifə Ömərə (radıyallahu anhu) ərə verib. Əslində bunun üçün subuta da ehtiyac yoxdur. Günəşi görmək üçün gözü qapamamaq kifayətdir. Yenə də bir məqamı fikirləşməyiniz üçün qeyd edim. Belə ki, hər bir ağıl və bəsirət sahibi olan insan fikirləşməlidir ki, əgər Ömər (radıyallahu anhu) bəzi dar düşüncəlilərin iddia etdikləri kimi kafir, münafiq və qəsbkar olaraq lənətlərə və əxlaqsız söyüşlərə layiq olmuşdursa, igidlik və qəhrəmanlıq simvolu sayılan İmam Əli (radıyallahu anhu) Peyğəmbərin ciyərparası olan Fatimədən (radıyallahu anhə) olan doğma qızını və namusunu ona ərə verərdimi?! Yoxsa əksini iddia edənlər İmam Əlidən (radıyallahu anhu) -əstəğfirullah- daha namuslu və daha qeyrətlidirlər?

İmam Əli (radıyallahu anhu) Hz. Ömər (radıyallahu anhu) haqqında

“Allah filankəsin (“Nəhcul-Bələğanı” toplayan Şeyx Rəzi belə şərh verib “yəni Ömərin”) etdiyinə bərəkət versin. O, əyriliyi düzəldərək xəstəliyi müalicə etdi. Sünnəni bərqərar edərək fitnə-fəsadı arxaya atdı. Dünyadan pak paltar və az eyiblə getdi. Xilafətin xeyrini əldə edərək onun şərini qabaqladı. Allahın itaətini yerinə yetirərək Ondan haqqı ilə qorxdu…” (İmam Əli (radıyallahu anhu), “Nəhcul-Bələğa” 219-cu xütbə).

Həmçinin möminlərin əmiri Ömər (radıyallahu anhu) Rumlularla döyüşə getmək istəyən zaman yaxın dostu olan İmam Əli (radıyallahu anhu) ilə məsləhətləşərkən Əli (radıyallahu anhu) ona belə deyir: “(Döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə doğru gedib onlarla döyüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların səndən sonra müraciət etməyə yerləri yoxdur. Onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-Təala zəfər yetirsə, o elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən yenə də müsəlmanların köməyi və pənahı olarsan” (İmam Əli, “Nəhcul-Bələğa”, 134-cü xütbə).

İmam Əli bu sözləri ilə Ömərin (radıyallahu anhu) Allah yolunda döyüşü sevməsini, müsəlmanların pənah yeri olmasını, İslamın zəfər çalmasını istəməsini açıq-aydın bildirir.

Digər bir yerdə demişdir: “(Əbu Bəkrdən sonra) onlara bir vali hakim oldu (yəni Ömər). (Xəlifəlik işlərini) layiqincə yerinə yetirərək doğru yolla getdi. Hətta din güclənərək qərar tutdu”. (İmam Əli, “Nəhcul-Bələğa”, 459-cu fəsil).

Əbu Basir deyir ki, Ummu Xalid Əbu Abdullahdan (ə) onların ikisi (yəni Əbu Bəkr və Ömər) barəsində soruşdu və Əbu Abdullah ona dedi: “Onların ikisini də dost tut”. Qadın dedi: “Rəbbimlə qarşılaşan zaman deyimmi ki, onların ikisini dost tutmağı

sən mənə əmr etdin? İmam dedi: “Bəli” (Kuleyni, “əl-Kafi” 8/101, Tusi, “İxtiyaru Məarifətir-Ricəl 2/51, Xoyi, “Mucəmu Ricəlil-Hədis 15/112).

Evlilik haqqında mənbələr nə deyir?

Ədalət simvolu sayılan xəlifə Ömər (radıyallahu anhu) Ummu Gülsümlə hicrətin on yeddinci ilində evlənib. Onların Zeyd və Ruqeyyə adlı iki övladları olub.

Lakin bəzi müsəlmanları parçalamaq istəyənlər Səhabələri Əhli-Beytlə qarşı-qarşıya qoyaraq inadkarcasına araşdırmadan bir çoxlarının əqidəsini puça çıxaran bu mübarək evliliyi inkar edirlər.

Hətta çox qəribədir ki, tədqiqatçı kimi tanınan bəzi «alimlər» (bax: Seyyid Əli Milaninin “Təzvicu Ummi Kulsum min Omar” kitabı, səh., 10) bu evliliyi ya qəsdən, ya da cahillikləri ucbatından Buxarinin “Səhih”ində olmadığını iddia edirlər. Halbuki, Buxaridə bəzilərini çaşqınlıqda qoyan bu mübarək evliliyi sübut edən iki hədis vardır.

“Ömər ibn Xəttab (radıyallahu anhu) ipək bürüncəkləri Mədinədəki qadınların arasında paylaşdırdı və axıra bir gözəl bürüncək qaldı. Yanındakılardan bəziləri dedilər: “Ey möminlərin əmiri, bunu səndə olan Rəsulullahın (səllallahu aleyhi va alə alihi va səlləm) qızına ver”. Bunu deyəndə onlar Əlinin (radıyallahu anhu) qızı Ummu Gülsümü nəzərdə tuturdular. Ömər (radıyallahu anhu) dedi: “Ummu Səlit buna daha cox haqlıdır”. Ummu Səlit ənsar qadınlarından və Rəsulullaha (səllallahu aleyhi va alə alihi va səlləm) beyət edənlərdən idi. Ömər (radıyallahu anhu) dedi: “Həqiqətən o, Uhud döyüşündə bizə tuluqlarda su daşıyırdı” (“Buxari” 2881, 3763).

Bu mübarək evliliyi təsdiq edən şiə məzhəbinin ən mötəbər kitablarından bir neçə hədisi qeyd etmək yerinə düşər.

«Süleyman ibn Xalid deyir ki, Əbu Abdullahdan (ə) əri ölmüş qadın barəsində soruşdum ki, o, ərinin evində iddət edir yoxsa istədiyi yerdə? O dedi: “Əksinə istədiyi yerdə”. Sonra dedi: “Ömər də vəfat edəndə Əli (ə) Ummu Gülsümün yanına gedib əlindən tutaraq onu öz evinə apardı” (Kuleyni, “əl-Kafi” 6/115, 5/346. “əl-Kafi” kitabında bu evliliyi təsdiq edən 4 hədis var; Tusi, “əl-İstibsar” 3/352, “əl-İstibsar” kitabında bu evliliyi təsdiq edən 2 hədis var; Tusi, “Təhzibul-Əhkəm” 8/161, 3/352, 9/363. “Təhzibul-Əhkəm” kitabında bu evliliyi təsdiq edən 3 hədis var; Məclisi “Miratul-Uqul” 21/198 kitabında və Seyyid Əli Milani “Təzvicu Ummi Kulsum min Omar” səh., 29) kitabında bu hədisə”səhihdir” deyiblər).

İmam Cəfər atası Muhəmməd əl-Baqirdən (ə) belə dediyini rəvayət edib: “Əlinin (ə) qızı Ummu Gülsüm və onun oğlu Zeyd ibn Ömər ibn Xəttab eyni saatda vəfat etdilər. Hansının əvvəl vəfat etdiyi bilinmədiyi üçün heç biri digərinə miras qoymadı və ikisinə də birdən cənazə namazı qılındı” (Tusi, “Təhzibul-Əhkəm” 9/363; əl-Hurr əl-Amili, “Vasəiluş-Şia” 26/314; Əli Tabətabəi, “Riyadul-Məsəil” 12/664; Şəhid Səni, “Məsəlikul-Əfhəm” 13/270).

Hətta Şeyx Muhəmməd Təqi Tusturi bu evliliyi təsdiq edən hədislərin mutəvatir* olduğunu təsdiqləyib: “Müəllif deyib: “Hədislərdə Ömərin Ummu Gülsümü qəsblə (məcburi) aldığı varid olub”. Murtəza öz risaləsində o evliliyin qəsblə olduğunda israr edib və digərləri isə inkar ediblər. Dedim: “O evliliyi inkar edən təhqiqçi haqq olaraq inkar etməyib. Bu evlilik barəsində olan Sünni hədislərini və tarixçilərin ittifaqını qırağa qoysaq belə, Ummu Gülsümün nigahı və iddəsi barəsində olan öz hədislərimiz mutəvatirdir” (Tusturi, “Qamusur-Ricəl” 12/216).

İmam Əlinin (radıyallahu anhu) namusuna kim dil uzada bilər?

Bəziləri bu evliliyə cavab tapa bilmədikləri üçün İmam Cəfər əs-Sadiqin (radıyallahu anhu) adına yalan olan bir hədis uydurmaqla Əhli-Beyti təhqir etməkdən belə çəkinməyiblər.

«Zurara deyir ki, Əbu Abdullah (ə) Ummu Gülsümün ərə verilməsi barəsində soruşularkən belə cavab verib: “Həqiqətən o, əlimizdən alınan namusdur” (Kuleyni, “əl-Kafi”, Ummu Gülsümü evləndirmək fəsli 5/346).

Seyyid Əli Milani bu inkarolunmaz evliliyi təsdiqləyərək deyib: “Araşdırmanın xülasəsi budur ki, əgər mən bu hadisə barəsində soruşulsam deyərəm: Ömər Ummu Gülsümü almaq üçün Əliyə müraciət edir və Əlini hədələyir. Əli isə verməyərək üzrxahlıq edir. Yenə də hədələyir və hədələməkdə o qədər davam edir ki, sonda Əli bu işi Abbasa həvalə edir və beləliklə əhli beytin əlindən alınan bir namus olur. Nigah əqd olub. Qız Ömərin evinə köçüb. Ömərin vəfatından sonra isə Əli onun əlindən tutaraq öz evinə aparıb…” (Milani, “Təzvicu Ummi Kulsum min Omar” səh., 30).

Böyük şiə alimi Muhəmməd Baqir əl-Məclisi bu evliliyi inkar edən və şiə məzhəbinin rəisi adlanan Şeyx Mufidin sözlərini rədd edərək deyib: “Mufidin bu hadisənin əslini inkar etməsində qəsdi odur ki, yəni sünnilərin kitabında sabit olmayıb. Yoxsa o hədislərin varid olması və isnadları ilə gələn hədislərdə Əlinin (ə) Ömər vəfat etdikdən sonra Ummu Gülsümün yanına gedərək öz evinə aparması və “Bihərul-Ənvar” kitabında digər qeyd etdiklərimdən sonra inkar etməsi qəribədir. Cavab olaraq demək olar ki, o evlilik təqiyyə və zərurət olaraq baş verib. Çünki bir çox haramlar vardır ki, zərurət anında çevrilərək vacibatlardan olur” (Məclisi, “Miratul-Uqul” 20/46, “Bihərul-Ənvar” 42/109).

Hətta Mufidin özü bu evliliyi inkar etdikdən sonra görünür öz inkarında sadiq olmadığına şübhə edərək deyib: “Əgər evlilik xəbəri düzgün olarsa, bunun iki izahı ola bilər. Bunlardan da biri Möminlərin Əmirinin (ə) kişiyə qızı verməsində məcbur olması idi. Çünki o, Əlini təhdid edərək qorxuzurdu” (Mufid, “əl-Məsəilus-Səraviyyə”, səh., 92).

Seyyid Əli Sistani Əlinin öz qızını Ömərlə evləndirməsinin düzgünlüyü barədə soruşularkən deyib: “O, bəzi etibarlı rəvayətlərdə varid olub. Tarix təhqiqçilərindən onu inkar edənər də var. Allah bilir” (Sistani, “İstiftəət” səh., 554).

Şeyx Muhəmməd Reyşəhri də bu evliliyi təsdiqləyərək bunları bildirib: “Ummu Gülsüm Ömərin öldürülməsindən sonra Ovn ibn Cəfərlə, sonra Muhəmməd ibn Cəfərlə, sonra isə Abdullah ibn Cəfərlə evlənib” (Reyşəhri, “Movsuatul-İmam Ali bin Əbi Talib”, 1/127).

Ayətullah əl-Uzma əl-Məraşinin kitabına müqəddimə verdiyi və hicrətin V əsrində yaşamış fiqh və nəsəb alimi olan Seyyid Əli ibn Muhəmməd əl-Aləvi haqq olaraq demişdir: “Bağdadda olan Həsən əl-Aləvi rəvayət edirdi ki, Ömərin evləndiyi qız şeytan idi. Başqaları deyirlər ki, onunla kəbin kəsmiş lakin evlənməmişdir. Digərləri isə deyirlər ki, o, İslamda qəsb olunan ilk namusdur. Bu rəvayətlərdən ən etimad olunası odur ki, yuxarıda dediyimiz kimi Abbas onu Ömərlə atasının razılığı və izni ilə evləndirmiş və Ömərin ondan Zeyd adlı oğlu olmuşdur” (əl-Aləvi, “əl-Məcdi fi Ənsəbit-Talibin” səh,. 17-18).

Bildiyimiz kimi böyük şəxsiyyət olan İmam Əli (radıyallahu anhu) qızını yalnız və yalnız öz xoşu ilə istəyərək Allah Təalaya sadiq, Peyğəmərə (səllallahu aleyhi va alə alihi va səlləm) və onun Əhli-Beytinə layiq olana ərə verə bilərdi. Bəzilərinin üzünü qara edən bu evliliyin inkar edilməsi mümkün olmadığı üçün çıxılmaz vəziyyətdə qalırlar. Buna görə də müxtəlif böhtana, ağlasığmaz iftiralara əl ataraq sevilməsi hamımıza vacib olan Əhli-Beytin əlindən məcburi alınan namus olduğu qənaətində qalırlar. Qəsdən, yaxud da bilməyərəkdən Peyğəmbər (səllallahu aleyhi va alə alihi va səlləm) ailəsini alçaldırlar. Şübhəsiz ki, əsl igid kimi tanınan İmam Əlinin (radıyallahu anhu) əlindən heç kəs namusunu ala bilməzdi…

«Gülməli» və ağlamalı bəhanələr

Hətta bəziləri xurafatlara və gülməli lətifələrə oxşar rəvayətlər nəql edirlər ki, guya İmam Əli (radıyallahu anhu) öz qızını gizlətdikdən sonra Səhiqa adlı yəhudi cini çağıraraq qızı Ummu Gülsümün şəklinə salır və beləliklə möminlərin əmiri olan Ömər (radıyallahu anhu) Əlinin (radıyallahu anhu) Fatimədən (radıyallahu anhə) olan qızı ilə yox, cinlə evlənir (Məclisi,”Bihərul-Ənvar” 42/88; Şahrudi, “Mustədraku Səfinətil-Bihər” 7/387; Seyyid Haşim Bəhrani, “Mədinətul-Məaciz” 3/203; Təbrizi əl-Ənsari, “əl-Lumatul-Beyda” səh., 281).

Hicri təqvimlə V əsrin böyük şiə alimi olan və “Aləmul-Hudə” (hidayət bayrağı) ləqəbini daşıyan Şeyx Murtəzaya görə bu evliliyi inkar edən yalnız cahil və inadkar ola bilər. “Əgər zərurət ölü əti yeməyi və şərabı içməyi icazəli edirsə, ondan kiçik şeylərdə təəccüb doğurası şey yoxdur. Alimlərimizin qəfləti ucbatından bu nigahın baş verməsini və Ummu Gülsümün Ömərdən dünyaya uşaq gətirməsini inkar etmələrinə gəldikdə isə bu məlum və məşhurdur. Onu yalnız cahilin və inadkarın inkar etməsi mümkündür. Bir işin dində çıxış yolu olduğu halda zərurətləri və gözlə görünənləri inkar etməyə ehtiyacımız yoxdur” (Şərif Murtəza, “Rasəilul-Murtəda” 3/150).

Hicri təqvimlə V əsrdə yaşayaraq “Şeyxut-Taifə” (məzhəbin şeyxi) ləqəbini almış Tusi də demişdir: “Doğrusu odur ki, Əli Ummu Gülsümü Ömərlə təqiyyə olaraq evləndirmişdir” (Tusi, “əl-İqtisad” səh,. 213).

Ummu Gülsüm Fatimə (radıyallahu anhə) və Əlinin (radıyallahu anhu) doğma qızıdır

Bəziləri dəlilsiz-sübutsuz iddia edirlər ki, Ömərin (radıyallahu anhu) evləndiyi Ummu Gülsüm Əlinin (radıyallahu anhu) Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm) qızı Fatimeyi-Zəhradan (radıyallahu anhə) yox, digər Fatimə adlı yoldaşından olan qızıdır. Bəziləri də iddia edirlər ki, Ummu Gülsüm Əlinin (radıyallahu anhu) digər Fatimə adlı evləndiyi qadının qızı, Əinin (radıyallahu anhu) isə qızlığıdır. Lakin bu çürük yalanları iddia edənlər düşünmürlərmi ki, əgər Ömər (radıyallahu anhu) kafir, münafiq və zalım olsaydı İmam Əli (radıyallahu anhu) kimi şəxsiyyət nəinki öz qızlığını hətta yoldan keçən birinin qızını belə Ömərə (radıyallahu anhu) verməyə razı olmazdı…

Hicri təqvimlə VI əsrin alimlərindən olan İbn Şəhr Aşub Ummu Gülsümün məhz Fatimənin (radıyallahu anhə) qızı olduğunu təsdiqləyərək demişdir: “Fatimədən doğulanlar bunlardır: Həsən, Hüseyn, Muhsin (bətndən düşüb), Zeynəb əl-Kubra (Böyük Zeynəb) və Ummu Gülsüm əl-Kubra ki, o da Ömərə ərə gedib” (İbn Şəhr Aşub, “Mənəqibu Əli Əbi Talib” 3/89).

İbn Şəhr Aşubla eyni əsrdə yaşayan çox böyük şiə alimlərindən olan hətta “Əminul-İslam” (İslamın etibar ediləni) ləqəbini daşıyan Şeyx Təbərsi Fatimənin (radıyallahu anhə) övladlarından danışarkən bunları bildirib: “Ummu Gülsümə gəldikdə isə Ömər ibn Xəttabın evləndiyi odur” (Təbərsi, “İiləmul-Vara” 1/397; Məclisi, “Bihərul-Ənvar” 42/93).

Seyyid Məraşi (ö.h. 1411) də deyib: “Fatimə Həsəni, Hüseyni, Zeynəbi, Muhsini və Ömər ibn Xəttabın evləndiyi Ummu Gülsümü dünyaya gətirib” (Məraşi, “Şərhu İhqaqil-Haqq”, 25/15).

Digər bir yerdə demişdir: “Səhih olaraq varid olmuşdur ki, Ömər ibn Xəttab Fatimənin qızı Ummu Gülsümü atası Əli bin Əbi Talibdən istəmiş… və o da onunla evləndirmişdir…” (Məraşi, “Şərhu İhqaqil-Haqq”, 18/550).

14-cü əsrin həddindən artıq çox böyük tarix və nəsəb üzrə şiə alimi kimi tanınan İbn Taqtaqi əl-Həsəni də Ummu Gülsümün Fatimənin (radıyallahu anhə) qızı olduğunu təsdiqləmişdir. O, Nəsrəddin Tusinin oğlu olan Asiluddin üçün hədiyyə olaraq yazdığı kitabında (kitabın adı da onun adı ilə bağlıdır) deyib: “Ummu Gülsümün anası Fatimeyi-Zəhradır (ə). Ömər ibn Xəttab Ummu Gülsümlə evlənib və bu evlilikdən Zeyd dünyaya gəlib” (İbn Taqtaqi, “əl-Asili” səh., 58).

Ey əziz müsəlmanlar! Heç bu qədər İslam üçün çalışana, Allaha və Peyğəmbərə (səllallahu aleyhi va alə alihi va səlləm) həmişə sadiq olana lənət yaraşarmı? İmam Əli (radıyallahu anhu) kimi bir şəxs onu sevdiyi halda, qızını ona verdiyi halda kim

hansı əsaslarla bu şəxsə lənət edə bilər? Əgər Ömər (radıyallahu anhu) bəzi fitnəkarların dediyi kimi İmam Əlinin (radıyallahu anhu) həyat yoldaşı və bütün müsəlmanların sevimlisi olan Fatimənin (radıyallahu anhə) qatilidirsə heç igidlik rəmzi olan Əli (radıyallahu anhu) qızını xanımının qatilinə verərdimi!? Uca Allah bizdən düşünməyimizi istəmirmi? Elə isə düşünün!

* Məlumatın bir neçə yerdən və müxtəlif şəxslər tərəfindən verildiyi üçün yalan olması mümkün olmayan səhih hədisə mutəvatir hədis deyilir.

HAZIRLADI: SAMİN MƏMMƏDOV

Advertisements
By Admin

Şərh yaz

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s